UNESCO mədəniyyətlərarası dialoqun inkişafına və sosial həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş "Youth for Peace" proqramı çərçivəsində 48 yerli təşəbbüsün dəstəklənməsinə 500 min dollar yönəldib.
"Report" xəbər verir ki, bu barədə UNESCO-nun baş direktorunun müavini Asa Regner bildirib.
Onun sözlərinə görə, proqramın birinci mərhələsində 50 gənc 400-dən çox mentorluq sessiyasında iştirak edib: "Təşəbbüslər mədəniyyətlərarası təhsildən və irqçiliyə qarşı mübarizədən tutmuş gənclərin imkanlarının genişləndirilməsinə və yerli icmalar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə qədər müxtəlif istiqamətləri əhatə edib.
Proqramın əsas məqsədi gənclərin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi, eləcə də sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş praktiki layihələrin həyata keçirilməsi üçün imkanların yaradılmasından ibarətdir".
Onun sözlərinə görə, UNESCO daha 50 gənc lideri birləşdirəcək proqramın ikinci mərhələsinə başlayır: "Süni intellekt dövründə mədəniyyətlərarası dialoqa xüsusi diqqət yetiriləcək".
Bundan əlavə, təşkilat süni intellekt dövründə gənclərə və rəqəmsal mühitə həsr olunmuş yeni beynəlxalq tövsiyənin hazırlanmasına başlayıb. Sənəd rəqəmsal məkanda gənclərin hüquqlarının, rifahının və müstəqilliyinin qorunmasına yardım etmək məqsədi daşıyır.