Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək istəyir.
“Report”un Türkiyəyə ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının icraçı direktorunun müavini və əməliyyat direktoru Karl Skau jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, BMT-nin Dünya Ərzaq Proqramı üçün əsas məsələ hər zaman qlobal ərzaq təhlükəsizliyidir:
“Aydındır ki, bu problem getdikcə daha da böyüyür. Rəqəmlər yüksəlməkdədir. Təxminən 350 milyon insanın ciddi ərzaq çatışmazlığından əziyyət çəkdiyi qeydə alınıb. Bu vəziyyətin yaranmasına artan silahlı münaqişələr, iqlim dəyişikliyi, ekstremal hava şəraiti və iqtisadi sarsıntılar səbəb olur. Bu, xüsusilə də ən həssas təbəqələri təsirləndirir”.
BMT rəsmisi vurğulayıb ki, baş verənlər səbəbilə bu məsələyə diqqəti cəlb etmək və qlobal ərzaq təhlükəsizliyini gündəmdə ön sıralara çıxarmaq zəruridir:
“Əlbəttə, konkret məsələlər - Qəzza, Sudan, Suriya və bizim üçün olduqca vacib olan digər bölgələr də müzakirə mövzusudur”.
Azərbaycana və Cənubi Qafqaz regionuna gəldikdə isə Karl Skau diqqətə çatdırıb ki, təşkilatın Azərbaycanla əməkdaşlığı var, amma bunu daha da gücləndirmək istəyirlər:
“Hazırda böyük bir maliyyə çatışmazlığı ilə üz-üzəyik. Ənənəvi donorlar – əsasən, Qərb ölkələri - son bir neçə ildə töhfələrini azaldıblar. Halbuki ərzaq təhlükəsizliyi problemi daha da dərinləşir. Ona görə də biz yeni tərəfdaşlar axtarmaq üçün fəal şəkildə çalışmalıyıq. Ötən il Bakıda keçirilən iqlim konfransında iştirak etdik, hökumətlə çox məhsuldar görüşlərimiz oldu və bu tərəfdaşlığı daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik”.
O, Azərbaycan ərzaq təhlükəsizliyi probleminin həllinə hansı yollarla töhfə verə biləcəyi barədə də danışıb:
“Biz BMT sistemində logistika məsələlərinin onurğa sütununu təşkil edirik. Bu, əməkdaşlığın bir yolu ola bilər. Bundan başqa, maliyyə və diplomatik baxımdan da bir çox çətinliklər var və bizim üçün genişləndirilmiş tərəfdaşlıq çox vacibdir. Biz bu çətin dövrlərdə Azərbaycan da daxil olmaqla, hər bir ölkədən dəstək gözləyirik”.