Qışın gəlişi ilə dünyanın bir çox turizm mərkəzində mövsümün ən hərəkətli dövrlərindən biri başlayır. Kimisi qarla örtülmüş dağların qoynunda xizək sürmək, kimisi Yeni il gecəsini Avropanın işıqlı küçələrində qarşılamaq, digərləri isə soyuq havadan uzaqlaşıb isti dəniz sahillərində dincəlmək istəyir. Bayram günləri yaxınlaşdıqca səyahət planları da dəqiqləşir, turistlər həm büdcələrinə, həm də gözləntilərinə uyğun istiqamət axtarışına çıxırlar.
Azərbaycanlı səyahətçilər üçün də qış mövsümü ənənəvi olaraq xarici səfərlərə marağın artdığı dövrlərdəndir. Türkiyə və Gürcüstan kimi yaxın istiqamətlər, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi isti ölkələr uzun illərdir populyarlığını qoruyur. Bununla belə, bu qış turizm bazarında seçimlərə təsir edən amillərin dairəsi bir qədər genişlənib. Qlobal inflyasiya, aviabiletlərin və hotellərin bahalaşması, geosiyasi gərginliklər, viza prosedurlarında yaranan çətinliklər turistləri səyahət vərdişlərinə yenidən nəzər salmağa vadar edir.
Artıq istiqamət seçərkən istirahət imkanları və ölkənin cəlbediciliyi ilə yanaşı, səfərin ümumi dəyəri, uçuşların əlçatanlığı, təhlükəsizlik amili və sənədləşmə prosesi də həlledici rol oynayır. Bir tərəfdən, turistlər ənənəvi marşrutlara alternativ axtarır, digər tərəfdən, erkən rezervasiya etməklə bayram günlərinin əlavə xərclərini azaltmağa çalışırlar. Çin, Maldiv adaları və Mərkəzi Asiya ölkələri kimi istiqamətlərə marağın artması da bu axtarışın göstəricilərindən biri kimi diqqət çəkir.
Bəs 2026–2027-ci illərin qış mövsümündə azərbaycanlı turistlərin seçimlərinə hansı amillər təsir edir? Hansı ölkələr daha çox maraq doğurur, səyahət paketlərinin qiymətləri necə dəyişir və bayram tətilinə hazırlıq zamanı turistləri hansı çətinliklər gözləyir? Xarici səfərlərə tələbatın hazırkı mənzərəsi turizm bazarının gələcək istiqamətləri barədə nə deyir?
"Report" bu suallara aydınlıq gətirmək üçün turizm sektorunun nümayəndələri və ekspertlərin fikirlərini öyrənib, rəsmi statistik göstəriciləri təhlil edib. Araşdırmanı təqdim edirik.
Ənənəvi marşrutlar və yeni alternativ istiqamətlər
"Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi bildirib ki, Azərbaycan vətəndaşlarının qış mövsümündə xarici səyahət istiqamətlərini əsasən iki qrupa ayırmaq olar: qış istirahəti və dağ-xizək turizmi, eləcə də isti iqlimli ölkələrdə istirahət.
Onun sözlərinə görə, Türkiyə və Gürcüstan coğrafi yaxınlığı, nəqliyyat əlaqələri və inkişaf etmiş turizm infrastrukturu baxımından ənənəvi üstünlüklərini qoruyur. Birləşmiş Ərəb Əmirlikləri və Misir isə soyuq qış günlərini isti iqlimdə keçirmək istəyən turistlər üçün cəlbedici istiqamətlər olaraq qalır.
"Bununla yanaşı, Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstan, həmçinin Cənub-Şərqi Asiya istiqamətləri turizm məhsullarının şaxələndirilməsi baxımından diqqətəlayiqdir. Lakin yeni istiqamətə marağın yaranması ilə həmin istiqamətin kütləvi turizm bazarında möhkəmlənməsi fərqli anlayışlardır. Bunun üçün münasib aviabiletlər, əlverişli uçuş qrafiki, rəqabətqabiliyyətli turpaketlər və sadələşdirilmiş səyahət prosedurları mühüm əhəmiyyət daşıyır. Ənənəvi istiqamətlərə marağın azaldığını qəti şəkildə söyləmək üçün müqayisəli satış və səfər statistikası lazımdır. Turistlərin yeni ölkələrə maraq göstərməsi heç də əvvəlki istiqamətlərdən imtina etməsi demək deyil", – S.Dübəndi qeyd edib.
Onun fikrincə, müasir turistlərin seçim imkanları genişləndikcə səyahət qərarına təsir edən meyarlar da dəyişir. Qiymət, uçuş müddəti, viza rejimi, xidmət keyfiyyəti və səfər zamanı əldə edilən təcrübə bu seçimdə əsas rol oynayır.
Xüsusilə dəfələrlə səyahət etmiş turistlər yeni mədəniyyətlər, fərqli qastronomiya, təbiət və qeyri-ənənəvi istirahət proqramları ilə maraqlanırlar. Buna görə də bazarda baş verən əsas dəyişiklik ənənəvi istiqamətlərin populyarlığını itirməsi deyil, turizm təkliflərinin tədricən şaxələnməsidir. Bu prosesin real miqyasını isə yalnız təsdiqlənmiş bazar göstəriciləri əsasında qiymətləndirmək mümkündür.
Erkən rezervasiya və hotellərdə vəziyyət
Turpaketlərin qiymətlərinə toxunan Assosiasiyasının icraçı direktoru bildirib ki, onların dəyəri bir sıra amillərdən, o cümlədən aviadaşımaların qiymətindən, hotel tariflərindən, valyuta məzənnələrindən, mövsümi tələbatdan və rezervasiyanın nə qədər əvvəl edilməsindən asılıdır.
Xüsusilə Yeni il bayramları zamanı qiymətlər adi qış günləri ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ötən mövsümlə obyektiv müqayisə aparmaq üçün isə eyni istiqamət, tarix aralığı, hotel kateqoriyası, qidalanma sistemi və aviadaşınma şərtləri nəzərə alınmalıdır. Əks halda qiymətlərin artması və ya azalması barədə ümumi nəticə çıxarmaq düzgün olmaz.
S.Dübəndi hesab edir ki, erkən rezervasiya turistlərə daha geniş hotel və uçuş seçimi təqdim etməklə yanaşı, müəyyən hallarda daha sərfəli qiymətlər əldə etməyə imkan yaradır. Bununla belə, erkən rezervasiyanı hər zaman ən ucuz seçim hesab etmək olmaz.
O, turistlərə təklifləri müqayisə edərkən qiymətlə yanaşı, rezervasiyanın ləğvi və dəyişdirilməsi, baqaj norması və əlavə xidmətlərin şərtlərinə də diqqət yetirməyi tövsiyə edib.
İcraçı direktorun sözlərinə görə, Yeni il bayramları dövründə beynəlxalq səyahətlərə marağın artması aviaşirkətlər və turizm operatorları üçün əlavə kommersiya imkanları yaradır. Belə dövrlərdə mövcud reyslərdə tutumun artırılması, əlavə uçuşların təşkili və müəyyən istiqamətlər üzrə çarter proqramlarının hazırlanması məqsədəuyğun ola bilər.
Lakin konkret çarter reysinin açılması və ya uçuş tezliyinin artırılması yalnız aviaşirkət, hava limanı və ya turizm operatorunun təsdiqlənmiş məlumatı əsasında elan edilməlidir. Hazırda 2026-2027-ci illərin Yeni il mövsümü üçün yeni çarter reyslərinin tam və təsdiqlənmiş siyahısını müəyyən etmək mümkün olmayıb.
S.Dübəndi hesab edir ki, birbaşa uçuşların coğrafiyasının genişlənməsi Azərbaycan vətəndaşları üçün xarici turizm məhsullarının əlçatanlığını artırmaqla yanaşı, qiymət rəqabətini də gücləndirə bilər.
O, qış turizminin artıq yalnız dağ-xizək kurortları və Yeni il şənlikləri ilə məhdudlaşmadığını da vurğulayıb. Müasir turizm bazarında qısa şəhər turları, qastronomik marşrutlar, sağlamlıq və SPA proqramları, təbiət və macəra turizmi, eləcə də bir neçə ölkəni əhatə edən kombinə edilmiş səyahətlər diqqət çəkir.
Ekspertin fikrincə, qış istirahətini mədəni irs, yerli mətbəx və təbiət marşrutları ilə birləşdirən turlar Azərbaycan turistləri üçün də perspektivli məhsullardır. Turizm operatorları hazır paketlərin satışı ilə yanaşı, müxtəlif yaş qruplarının, maraqların və büdcələrin tələblərinə uyğun fərdiləşdirilmiş proqramların hazırlanmasına diqqət yetirməlidirlər. Bu yanaşma xüsusilə ailəvi, kiçik qruplarla və fərdi səyahətlər üçün əlavə imkanlar yaradır.
S.Dübəndi viza prosedurlarının müddəti və mürəkkəbliyinin də xarici səfərlərin planlaşdırılmasında mühüm amillərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə bayram mövsümündə sənədlərin gec təqdim edilməsi, konsulluq görüşləri üçün uyğun vaxtın tapılmaması və müraciətlərə baxılma müddəti turistlər üçün çətinlik yarada bilər.
Bununla belə, konkret ölkələr üzrə sistemli viza gecikmələrinin mövcudluğu ayrıca təsdiqlənməlidir. Oxşar vəziyyət hotellərin əlçatanlığına da aiddir. Populyar turizm mərkəzlərində bayram günləri yaxınlaşdıqca münasib qiymətli və əlverişli yerləşmə variantlarının seçimi məhdudlaşa bilər. Lakin bu, bütün istiqamətlərdə hotel çatışmazlığının olması demək deyil.
Geosiyasi vəziyyət və qiymət artımı turistlərin seçimlərinə necə təsir edir?
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov bildirib ki, ötən ildən etibarən qlobal inflyasiya və enerji daşıyıcılarının bahalaşması aviabiletlərin qiymətinə, bununla da turpaketlərin ümumi dəyərinə təsir göstərib.
Onun sözlərinə görə, qiymət artımı turistlərin istiqamət seçimlərində də özünü göstərir. Xüsusilə Türkiyə istiqamətində həm yay, həm də qış turpaketlərinin bahalaşması alternativ bazarlara marağı artırır.
"Azərbaycanlılar qış aylarında daha çox isti ərəb ölkələrinə, eyni zamanda Avropa ölkələrinə səyahət edirdilər. Lakin hazırda beynəlxalq vəziyyət də seçimlərə təsir göstərir. Xüsusilə ölkəmizin cənubunda, Körfəz ölkələrində müşahidə olunan gərginlik, İranla bağlı vəziyyət və Hörmüz boğazı ətrafında baş verənlər cənub istiqamətini seçən turistlərin başqa marşrutlara yönəlməsinə səbəb olur", - C.Aşurov deyib.
O qeyd edib ki, əvvəlki illərdə qış aylarında Qətər və Dubay daha populyar istiqamətlər sırasında yer alsa da, hazırda bu bölgələrə maraq nisbətən zəifləyib. Təhlükəsizlik riskləri ilə bağlı narahatlıqlar turistlərin seçimində coğrafi istiqamətləri də dəyişir. Belə ki, cənub marşrutlarından daha çox qərb və şərq istiqamətlərinə yönəlmə müşahidə olunur.
C. Aşurovun sözlərinə görə, bu qış Çin, Maldiv adaları və Mərkəzi Asiya ölkələrinə səyahətlərə maraq artıb. Yeni il tətili ilə bağlı bir sıra Avropa şəhərlərinə təşkil olunan paketlərə də tələbat var. Bununla yanaşı, Gürcüstan yaxınlığı və qış turizmi infrastrukturu ilə azərbaycanlıların ənənəvi seçimləri sırasında qalır.
O bildirib ki, aviabiletlərin bahalaşmasına baxmayaraq, Gürcüstanın şəhər turları və Türkiyənin İstanbul istiqaməti hələ də turistlərin diqqət mərkəzindədir. Bununla belə, əvvəlki dövrlərlə müqayisədə bu istiqamətlərə səfər etmək istəyən azərbaycanlıların sayında da azalma müşahidə olunur.
Yeni il tətili zamanı çarter reyslərinin təşkili ehtimalını yüksək qiymətləndirməyən ekspert qeyd edib ki, bu cür uçuşlar əsasən yay mövsümündə, turizm tələbatının pik həddə çatdığı dövrdə təşkil olunur.
"Qışda çarter reysləri təşkil edilmir. Hər hansı yeni reysin açılması mümkündür, amma bu, ənənəvi çarter proqramı olmayacaq. Bu qış da Azərbaycan daxili bazarında ənənəvi qış-yay turizm kompleksləri fəaliyyət göstərəcək. Regionlarda yerləşən iri hotellərin bununla bağlı öz təkliflərini görəcəyik", - o əlavə edib.
Xarici səfərlərin bahalaşması daxili turizmə marağı artırır
C.Aşurov bildirib ki, turizm şirkətləri xarici səfərlər zamanı viza sənədlərinin hazırlanması və müraciət növbələrinin götürülməsi ilə bağlı müştərilərə dəstək göstərirlər. Bununla belə, xüsusilə tələbatın artdığı dövrlərdə müəyyən növbələrin yaranması qaçılmazdır.
Ekspert hotellərlə bağlı ümumi qıtlıq müşahidə etmədiyini bildirib. Onun fikrincə, hazırda xarici səfərlərə tələbatın zəifləməsinin əsas səbəbləri arasında qlobal bahalaşma, beynəlxalq gərginliklər və Azərbaycanın quru sərhədlərinin bağlı qalması da var.
C.Aşurov hesab edir ki, Azərbaycan vətəndaşlarının xaricə səfərləri əvvəlki dövrlərlə müqayisədə daha az dinamik xarakter alıb.
O, pandemiyadan əvvəlki və sonrakı dövrləri müqayisə edərək bildirib ki, 2019-cu ildə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 milyon nəfər olduğu halda, sonrakı illərin göstəriciləri təxminən 2,5 milyon səviyyəsindədir. Bu fərq xaricə səfərlər bazarının hələ əvvəlki səviyyəsinə qayıtmadığını göstərir.
Ekspertin sözlərinə görə, mövcud proseslər daxili turizm bazarındakı aktivliyə də təsir edir və ölkə daxilində istirahətə marağın artmasına şərait yaradır.
C.Aşurov əlavə edib ki, qlobal inflyasiya və geosiyasi gərginliklər fonunda səyahətçilər getdikcə daha yaxın istiqamətlərə üstünlük verirlər. Dünyanın müxtəlif regionlarında da müşahidə olunan bu tendensiya uzaq məsafəli səfərlərlə müqayisədə ölkədaxili və qonşu ölkələrə səyahətlərin daha əlçatan olmasından qaynaqlanır.
Viza müraciətlərində yaranan çətinliklər
Turizm eksperti Nizami Həsənovun sözlərinə görə, bu qış da azərbaycanlı turistlərin ənənəvi seçimlərindən biri Gürcüstanın qış kurortlarıdır. Bununla yanaşı, son illərdə yeni istiqamətlərə, o cümlədən Finlandiyanın Laplandiya bölgəsinə maraq artıb.
Onun sözlərinə görə, Şaxta babanın vətəni kimi tanınan Laplandiya xüsusilə Yeni il ərəfəsində ailəvi səyahətlər üçün cəlbedici istiqamətə çevrilir. Lakin viza tələbləri və yüksək qiymətlər bu marşrutu hər kəs üçün əlçatan etmir. Buna görə də turistlər alternativ olaraq Türkiyə və Rusiyanın qış kurortlarına da üz tuturlar.
N.Həsənov ötən qışla müqayisədə turpaketlərin qiymətlərində müəyyən artım olduğunu bildirib. Onun fikrincə, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və qlobal qiymət dinamikası turizm sektoruna da birbaşa təsir göstərir. Buna baxmayaraq, qiymət artımı insanların Yeni il tətilini xaricdə keçirmək istəyini tamamilə aradan qaldırmır.
Ekspert erkən rezervasiyanın bu baxımdan əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, səyahət paketlərinin əvvəlcədən alınması ilə sonrakı dövrdə təklif olunan qiymətlər arasında fərq yarana bilər.
N.Həsənov aviabiletlərin qiymətində və uçuş proqramlarında da mövsümi dəyişikliklər gözlənildiyini bildirib. Lakin yeni istiqamətlər üzrə reyslərin açılması və tariflərin dəyişməsi aviaşirkətlərin uçuş qrafikindən və kommersiya maraqlarından asılıdır.
Səyahətə hazırlıq zamanı yaranan əsas problemlərdən birinin viza müraciətləri ilə bağlı olduğunu deyən ekspert xüsusilə Şengen vizası üzrə növbələrin uzandığını qeyd edib.
"Şengen və digər vizaların alınması üçün müxtəlif prosedurlar mövcuddur. Son illərdə səfirliklərdə və viza mərkəzlərində müraciət növbələrində ciddi artım müşahidə olunur. Bu da turistlərin səyahət planlarını əvvəlcədən qurmasını zəruri edir. Xüsusilə Şengen ölkələrinin viza mərkəzlərinə müraciətlərdə bu çətinlik daha qabarıq hiss olunur. Son bir ildə də növbələrin artdığını müşahidə edirik", – N.Həsənov bildirib.
Ekspert Azərbaycanın özünün də qış turizmi baxımından xarici turistlər üçün cəlbedici istiqamətə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə beynəlxalq standartlara cavab verən qış istirahət komplekslərinin fəaliyyəti, hotellərin və infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin yüksəldilməsi xarici turistlərin marağını artırır.
Bu tendensiyanın ildən-ilə gücləndiyini bildirən N.Həsənov qış mövsümündə həmin komplekslərə gələn turistlərin sayında artım müşahidə olunduğunu qeyd edib.
Rəsmi statistika nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,8 % azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib.
Xaricə səfər edənlərin 44 %-i Türkiyəyə üz tutub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % artıb. Rusiya Federasiyasına gedənlərin payı 14,6 % olmaqla 2 % azalıb. Gürcüstan istiqamətində isə əksinə, artım qeydə alınıb: bu ölkəyə səfər edənlərin payı 13 % təşkil edib və illik müqayisədə 17,6 % yüksəlib.
İran istiqamətində səfərlər daha kəskin azalıb. Belə ki, bu ölkəyə gedənlərin payı 5,1 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 % azdır. Digər ölkələrə səfər edənlərin payı isə 23,3 % olub və 2 % azalıb.
Statistik göstəricilər göstərir ki, Türkiyə və Gürcüstan Azərbaycan vətəndaşlarının xarici səfərlərində əsas istiqamətlər olaraq qalır. Bununla yanaşı, ümumi səfər sayının azalması, ayrı-ayrı ölkələr üzrə fərqli dinamika və turizm iştirakçılarının alternativ marşrutlara marağı bazarda dəyişən şərtlərin təsirini ortaya qoyur.
Beləliklə, qarşıdan gələn qış mövsümündə azərbaycanlı turistlərin seçimlərini yalnız ənənəvi istirahət vərdişləri müəyyən etməyəcək. Səyahətin qiyməti, təhlükəsizlik, viza əlçatanlığı və nəqliyyat imkanları istiqamət seçimində daha böyük əhəmiyyət daşıyacaq. Turizm bazarında yeni marşrutlara marağın artması isə rəqabət və xidmət təkliflərinin şaxələndirilməsi üçün əlavə imkanlar yaradır.