Moldovada DOST modeli pilot mərhələdə tətbiq olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənədi Moldova Sosial Sığorta üzrə Milli Kassasının direktoru Yelena Tibirna və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.

İmzalanan yeni memorandumda DOST təcrübəsinin öyrənilməsi və "bir pəncərə" prinsipi əsasında sosial xidmətlərin təşkili üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin müasir sosial xidmət sistemlərinin inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Sənəddə əməkdaşlıq çərçivəsində DOST modelinin komponentlərinin Moldovanın sosial təminat sisteminə tətbiqi üzrə pilot mərhələlərin həyata keçirilməsi, bu sahədə institusional və texniki dəstək mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi əksini tapır.

Görüşdə həmçinin iki qurum arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

DOST modelinə maraq göstərən ölkələrdən biri olan Moldovada bu modelin tətbiqinə dəstək olaraq Moldovanın Sosial Sığorta üzrə Milli Kassası ilə müvafiq sahədə təcrübənin bölüşülməsi üçün aparılan birgə işlərdən bəhs olunub.

Yeni sənədin bu istiqamətdə işlərin uğurla davam etdirilməsinə, əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Digər xəbərlər