Uşaqların kiber bullinqə məruz qalma halları müşahidə edilir.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Uşaqların zərərli informasiyadan qorunması" mövzusunda keçirilən brifinq zamanı komitənin nümayəndəsi Könül Tağızadə deyib.
O bildirib ki, uşaqların zərərli informasiyalara məruz qalması ən aktual məsələlər sırasındadır:
"İnformasiya məhsulu dedikdə həm zərərli, həm da faydalı informasiyalardan söhbət gedir. Uşaqlar zərərli informasiyanın təsirinə, kiber bullinqə və bu kimi hallara da məruz qalırlar. Zərərli məlumatların əlçatan olması onlara mənfi təsir göstərir. Azyaşlıların zərərli informasiyalardan qorunması ilə bağlı qanunla yanaşı, müxtəlif layihələr də hazırlanıb. Bu qanunun 14-cü bəndində dövlət qurumlarının adları qeyd olunub. Televiziyada tənzimlənmə Audiovizual Şuraya, eləcə də digər hallar da müvafiq qurumlara tapşırılıb".
Komitə nümayəndəsinin sözlərinə görə, sözügedən qanunun icrasına dövlət nəzarətinin təşkil olunması yetərli deyil:
"Buna ictimai nəzarət də olmalıdır. Biz hər birimiz vətəndaş və valideynik. Əgər, uşaqlara zərərli olan informasiyalarla qarşılaşırıqsa, müvafiq dövlət qurumlarına məlumat verməliyik. Bununla bağlı Ekspert şurasına müraciət edilə bilər. Bu şura həmin məlumatlarda yaş kateqoriyasını təsnifatlaşdırır. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna əsasən, heç bir informasiya məhsulu işarələnmədən yayıla bilməz".