Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub.
"Report" xəbər verir ki, həmçinin Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) Azərbaycanda əlaqə bürosunun yaradılması da Rəşad Şolana həvalə edilib.
Belə ki, TDTD İdarə Heyəti 2026-cı ilin avqustunda yekdil qərarla R.Şolanın sədrlik etdiyi Azərbaycan Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasını tərəfdaş təşkilat kimi qəbul edib.
Hər iki cəmiyyətin qurucusu Prof. Dr. Mehmet Haberal 19 avqust 2026-cı il tarixli məktubunda Assosiasiya üzvlərinin TDTD və MESOT-a üzv qəbul ediləcəyini bildirib.
Qeyd edək ki, MESOT Orta Şərq, Şimali Afrika və Orta Asiya ölkələrinin, eləcə də keçmiş sovet respublikalarının orqan transplantasiyası mütəxəssislərini bir araya gətirən beynəlxalq elmi cəmiyyətdir. Mehmet Haberal dünyada tanınan transplantoloqdur.