Azərbaycanda ürək transplantasiyasının birinci ildönümünə həsr olunan konfrans keçirilib

Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda yerli mütəxəssislərlə bərabər Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislər də iştirak edib.

Konfransın açılışında iştirak edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbirin mahiyyətindən bəhs edib:

"Əsas məqsəd orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, bu sahədə əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir".

Tədbirdə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev hazırda 50-dən çox xəstənin ürək transplantasiyası üçün gözlədiyini bildirib.

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova isə ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra orqan transplantasiyası sahəsində bir sıra uğurlar əldə edib.

O, yeni dövlət büdcəsində səhiyyə xərclərinin artırıldığını da diqqətə çatdırıb.

Elmi proqram çərçivəsində həmçinin transplantasiya xəstələrinin diaqnostikası, tibbi və cərrahi müalicəsi, transplantasiyaya hazırlıq, donor seçimi, transplantasiya prosesi və əməliyyatdan sonrakı dövrün idarə olunması kimi mühüm mövzular müzakirə edilib.

Digər xəbərlər