Ürək transplantasiyası Azərbaycanda davamlı ənənəyə çevriləcək və bu proqram gələcəkdə daha da geniş vüsət alacaq.
"Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət səhiyyə siyasəti, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan transplantasiya, o cümlədən tibbin və cərrahiyyənin ən mürəkkəb sahələrindən biri olan ürək transplantasiyası istiqamətində regionda lider mövqeyə yüksəlib:
"Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi uzun illər ərzində qarşıya qoyulan əsas məqsədlərdən biri olub. Azərbaycanda ürək transplantasiyası proqramının yaradılması dövlət səhiyyə siyasətinin mühüm nəticələrindən biridir. Bizim bir arzumuz var idi. Bu arzu bir gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsini görmək idi. Yaradana şükürlər olsun ki, bu gün biz o günləri gördük və onların canlı şahidiyik".
K. Musayev xatırladıb ki, Azərbaycanın bu yoldakı fəaliyyəti 1999-cu ildən başlayır:
"26-27 illik hazırlıq dövründən sonra ötən il fevral ayında ilk dəfə qaraciyər transplantasiyası daha sonra isə oktyabr ayında ürək transplantasiyası ilə meyitdən orqan köçürülməsi prosesi real şəraitdə sınaqdan keçirildi. Düşünürəm ki, biz ötən il bu imtahanı keçə bildik".
O bildirib ki, ürək transplantasiyası ilə bağlı əsas məqsəd yalnız mürəkkəb və prestijli əməliyyatların həyata keçirilməsi deyil, Azərbaycanda davamlı ürək transplantasiyası proqramının formalaşdırılmasıdır:
"Bu hədəfimiz dünən arzu idi, bu gün gerçəklikdir. Sabah isə davamlı ənənəyə çevrilməlidir və çevriləcək. Bu gün burada toplaşanlar və burada olmayan onlarla gənc həmkarımız, gənc azərbaycanlılar bunu davamlı ənənəyə çevirəcəklər".
Onun sözlərinə görə, Azərbaycanda artıq "sustainable heart transplant program", yəni davamlı ürək transplantasiyası proqramının qurulması istiqamətində mühüm nəticələr əldə olunub:
"Bu günə qədər baş tutan dörd xəstənin əməliyyatları texniki cəhətdən uğurlu başa çatıb. Söhbət yalnız əməliyyatların texniki baxımdan uğurlu nəticəsindən getmir. Bütün sistem – donorluq sistemi və transplantasiya sisteminin tibbi, sosial və digər tərəfləri test olundu və bu testdən bütün sistem uğurla çıxdı".