Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur.

"Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda transplantasiyaya maraq artıb:

"Bu artım iki istiqamətdə müşahidə olunur. Bildiyiniz kimi, xüsusilə ürək transplantasiyası üçün beyin ölümü baş vermiş donorlara ehtiyacımız var. Yəni beyin ölümü baş vermiş şəxslərin ailələri onların orqanlarını bağışlamalıdır. Yaxud da insanlar özü sağlığında reyestrdən könüllü qeydiyyatdan keçməlidir. Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzində könüllü olaraq donorluq üçün qeydiyyatdan keçənlərin əksəriyyəti məhz son bir ildə bunu edib. Bu da onların Azərbaycan həkiminə olan inamını göstərir. Digər tərəfdən, transplantasiyaya ehtiyacı olan xəstələrin sayında da ciddi artım müşahidə olunur".

K. Musayev bildirib ki, ürək transplantasiyası üçün növbə gözləyənlər arasında uşaqlar da az deyil:

"Ürək transplantasiyası gözləyən xəstələrimizin arasında dörd-beş yaşlı uşaqlardan tutmuş 60 yaşlı insanlara qədər müxtəlif yaş qruplarından insanlar var".

Digər xəbərlər