Bu ilin ilk 6 ayında Xəzər Tibb Mərkəzinə 90 minə yaxın müraciət daxil olub.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı deyib.
Onun sözlərinə görə, sözügedən dövrdə mərkəzdə ümumilikdə 248 mindən artıq xidmət göstərilib və icbari tibbi sığorta ilə 821 cərrahi xidmət icra edilib:
"Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya (əzələ hərəkətlərinin elektrik aktivliyini ölçmək üçün istifadə olunur), treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlar) təmin edilib".