Təranə Xəlilova: Azərbaycanda hematologiya sahəsində xidmətlər yaxşılaşdırılır

Azərbaycan səhiyyə sistemində hematologiya və transfuziologiya sahəsində xidmətlərin təkmilləşdirilməsi əsas prioritet istiqamətlər sırasındadır.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Xəlilova "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, hazırda xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsi, dəqiq diaqnostikanın aparılması, müasir müalicə üsullarının həyata keçirilməsi və xəstələrin həyat keyfiyyətinin artırılması ən vacib vəzifələr arasındadır:

"Bu gün molekulyar-genetik araşdırmalar, fərdiləşdirilmiş müalicə yanaşmaları, immunoterapiya və digər texnologiyalar hematologiya sahəsində yeni perspektivlər yaradır. Bu uğurların klinik təcrübəyə tətbiqi isə beynəlxalq elmi əməkdaşlığı və təcrübə paylaşımını daha da qaçılmaz edir".

Təranə Xəlilova həmçinin vurğulayıb ki, Azərbaycan səhiyyəsində hematologiya və transfuziologiya xidmətlərinin təkmilləşdirilməsi, müasir diaqnostika və müalicə vasitələrinin genişləndirilməsi, tibbi xidmət keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi əhəmiyyətli istiqamətlər kimi qiymətləndirilir.

Digər xəbərlər