Vato Şakarişvili: TRIPP kimi layihələr regionda iqtisadi imkanları və təhlükəsizliyi artıracaq

"Tramp marşrutu" (TRIPP) kimi layihələr regionda iqtisadi imkanları və təhlükəsizliyi artıracaq.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında ölkənin tanınmış siyasi xadimi, politoloq, "Vahid Neytral Gürcüstan" partiyasının icraçı katibi Vato Şakarişvili deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan Orta Dəhlizi formalaşdıran nəqliyyat marşrutlarının təhlükəsiz və sürətli inkişafında maraqlıdır. Regionda TRIPP kimi yeni nəqliyyat layihələrinin meydana çıxması iqtisadi imkanları genişləndirməklə yanaşı, təhlükəsizliyin və regionun qlobal əhəmiyyətinin artmasına da xidmət edir.

"Biz regionda yeni yolların, məsələn, TRIPP kimi layihələrin meydana çıxmasını alqışlayırıq. Çünki bu, daha çox iqtisadi imkanlar, daha çox təhlükəsizlik deməkdir və bütövlükdə, regionun qlobal miqyasda rolunu və əhəmiyyətini artırır. Bu gün əlaqəlilik dünyada qarşıda duran əsas çağırışlardan biridir", - deyə V.Şakarişvili bildirib.

V.Şakarişvili Azərbaycanın Gürcüstanın tranzit infrastrukturuna investisiya yatıran əsas ölkələrdən biri olduğunu deyib:

"Azərbaycan Gürcüstanın tranzit infrastrukturuna sərmayə qoyan ən böyük investorlardan biridir. Gürcüstan da tranzit yollarının inkişafına böyük resurslar yatırır. Hazırda dövlət Anaklia limanını inşa edir və bu liman həmin marşrut üzərində ən mühüm infrastrukturlardan biri olacaq.

Onun fikrincə, nəqliyyat infrastrukturunun inkişafı Azərbaycan və Gürcüstanla yanaşı, bütövlükdə regionun beynəlxalq əhəmiyyətini artırır.

"Biz Azərbaycanla birlikdə çalışırıq ki, Orta Dəhlizi formalaşdıran marşrutlar təhlükəsiz və sürətli olsun, onlara investisiyalar yatırılıb inkişaf etdirilsin. Bu, ölkələrimizə iqtisadi rifah gətirməli, eyni zamanda, qlobal miqyasda əhəmiyyətimizi artırmalı və daha çox təhlükəsizlik təmin etməlidir", - Şakarişvili əlavə edib.

Digər xəbərlər