Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyində də mühüm rol oynayır. İki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı iqtisadi maraqlara, enerji və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa, eləcə də Avropa bazarlarına çıxış imkanlarına əsaslanır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Əvvəlcə Gürcüstan" partiyasının Siyasi Şurasının üzvü, diplomat, Gürcüstan Strateji Analiz Mərkəzinin Geosiyasi Araşdırmalar üzrə direktoru Valeri Çeçelaşvili Azərbaycan-Gürcüstan iqtisadi və strateji əməkdaşlığını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasında yer alır və bir neçə il ərzində Türkiyədən sonra ölkənin ikinci ən böyük ticarət tərəfdaşı olub. V.Çeçelaşvili Azərbaycanın əhəmiyyətinin ticarət əlaqələri ilə məhdudlaşmadığını vurğulayaraq, Gürcüstanın enerji təhlükəsizliyində əsas təminatçı olduğunu bildirib: "Gürcüstan Azərbaycanın yanında belə etibarlı tərəfdaşın olmasından özünü daha təhlükəsiz və dəstəklənmiş hiss edir. İki ölkə strateji tərəfdaşlığın bir-biri üçün əhəmiyyətini dəfələrlə təsdiqləyib".
Diplomat Azərbaycan-Gürcüstan münasibətlərinin Ankara-Tbilisi-Bakı üçtərəfli əməkdaşlıq formatı ilə də tamamlandığını qeyd edib. Onun fikrincə, bu formatda yüksək səviyyəli görüşlərin yenidən intensivləşdirilməsi vacibdir. O, uzun müddətdir üçtərəfli görüşlərin keçirilmədiyini xatırladaraq, təmasların bərpa olunacağına ümid etdiyini bildirib.
V.Çeçelaşvili Azərbaycanın Baş naziri Əli Əsədovun bir neçə ay əvvəl Gürcüstana səfərinin ikitərəfli münasibətlər baxımından əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, səfər zamanı yeni layihələr və əməkdaşlığın müxtəlif istiqamətlərində irəliləyiş imkanları müzakirə olunub: "Demək olar ki, Gürcüstan və Azərbaycan müsbət qarşılıqlı asılılıq prinsipi əsasında əlaqələrini daha da möhkəmləndirir və çox uğurlu ikitərəfli münasibətlər qururlar. Bu isə hər iki ölkə üçün çox ciddi amildir".
O, logistika, nəqliyyat-kommunikasiya dəhlizləri və Orta Dəhliz üzrə əməkdaşlığın iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu bildirib. V.Çeçelaşvili bu marşrutu bəzən "Mərkəzi Dəhliz" adlandırdığını və bu terminin onun coğrafi və siyasi mahiyyətini daha dolğun ifadə etdiyini düşündüyünü qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Transxəzər istiqamətinin inkişafında mühüm rol oynayır. Anakliya limanının tikintisinə toxunan diplomat Gürcüstanın layihənin reallaşdırılmasına yaxınlaşdığını düşündüyünü və tikintinin həyata keçiriləcəyinə ümid etdiyini deyib.
O, gələcəkdə Bakı limanı ilə Anakliya limanı arasında institusional əlaqələrin qurulmasını da mümkün hesab edir. V.Çeçelaşvilinin təklifinə görə, bu məqsədlə "blok qatarları" mexanizmindən istifadə oluna bilər. Bu, yük həcmindən asılı olmayaraq, Bakı ilə Anakliya arasında qatarların hərəkətini təmin etməyə imkan verər.
"Bu da öz növbəsində nəqliyyat axınlarının cəlb edilməsi üçün çox güclü vasitə olacaq. Hesab edirəm ki, hökumətlərimiz bu layihə üzərində düşünməli və onun həyata keçirilməsinə dəstək verməlidirlər", – o vurğulayıb.
Diplomat Bakı-Tbilisi-Qars dəmir yolunun da regional nəqliyyat əlaqələrində mühüm yer tutduğunu bildirib. Onun fikrincə, dəmir yolunun tam gücü ilə işləməsi və mövcud potensialından səmərəli istifadə olunması vacibdir. O qeyd edib ki, Əli Əsədovun Gürcüstana səfəri zamanı hökumətlərarası komissiyanın iclasında bu məsələ də müzakirə olunub.
V.Çeçelaşvili Azərbaycan və Gürcüstanın enerji sahəsində əməkdaşlığının ənənəvi neft və qaz layihələrindən daha geniş perspektivlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, yaşıl enerjinin Avropa İttifaqı bazarına ötürülməsi layihəsi hər iki ölkə və bütövlükdə region üçün mühüm iqtisadi və strateji imkanlar yaradır. Diplomat Avropa İttifaqının regiondan yaşıl enerji almaqda maraqlı olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycanın günəş və külək, Gürcüstanın isə hidroenergetika sahəsindəki potensialı Avropa bazarının tələbatının ödənilməsi üçün geniş imkanlar yaradır.
"Azərbaycan və Gürcüstanın alternativ enerji mənbələrinin istehsalı baxımından böyük imkanları var. Azərbaycanda əsasən günəş və külək enerjisi, Gürcüstanda isə hidroenergetika önə çıxır. Ona görə də Avropanın bu marağını təmin etmək üçün ciddi potensialımız var", – V.Çeçelaşvili bildirib.
O, yaşıl enerji layihəsinin yalnız enerji ixracı baxımından deyil, həm də Avropanın Cənubi Qafqazdakı rolunun genişlənməsi və Azərbaycanla Gürcüstanın Avropa enerji bazarında iştirakının artması baxımından əhəmiyyətli olduğunu söyləyib. Diplomat Azərbaycan-Gürcüstan münasibətlərini yalnız iqtisadi və ticarət əlaqələri çərçivəsində qiymətləndirməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, iki ölkə bir-biri üçün enerji, nəqliyyat və xarici bazarlara çıxış baxımından strateji əhəmiyyət daşıyır.
"Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Enerji təhlükəsizliyi, o cümlədən enerji resurslarının daxili qiymətləri bugünkü qeyri-sabit və mürəkkəb şəraitdə çox mühüm əhəmiyyət daşıyır", – V.Çeçelaşvili qeyd edib.
O əlavə edib ki, Gürcüstan da Azərbaycan üçün mühüm tranzit ölkədir. Bu ölkə Azərbaycanın Qara dənizə, oradakı limanlar vasitəsilə isə Avropa bazarlarına çıxışını təmin edir. V.Çeçelaşvili Bakı-Tbilisi-Ankara üçtərəfli əməkdaşlığı çərçivəsində həyata keçirilən iri infrastruktur layihələrini də tərəfdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib. O, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və Bakı-Tbilisi-Ceyhan neft kəmərini nümunə göstərib.
Diplomatın sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürücülük gücü dünya neft tələbatının təxminən 2 faizini təmin edir. O bildirib ki, bu göstərici layihənin yalnız regional deyil, qlobal enerji bazarı üçün də əhəmiyyətini nümayiş etdirir: "İnsanlar bəzən bu layihələrin dünya enerji bazarına təsirini tam nəzərə almırlar. Halbuki Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı təkcə regionun deyil, dünya enerji bazarlarının da sabitliyinə töhfə verir".