Qazaxıstan İrana ən azı 200 milyon ABŞ dolları dəyərində mal tədarük etməyə hazırdır.
"Report"un Akordaya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada iranlı həmkarı Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü zamanı bildirib.
Tərəflər iki ölkə arasında ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlığın artırılması perspektivlərini müzakirə ediblər.
"Qarşılıqlı ticarət dövriyyəsinin həcmi hər il artır. Lakin ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirməliyik. Xüsusilə, kənd təsərrüfatı, nəqliyyat-logistika, tibb və qabaqcıl texnologiyalar sahələrində qarşılıqlı əlaqələri aktivləşdirmək lazımdır. Əminəm ki, bu gün imzalanan sənədlər siyasi və iqtisadi qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün güclü təkan olacaq", - o bildirib.
K.Tokayev, həmçinin Tehranda Qazaxıstan Ticarət Evinin yaradılması təşəbbüsünü dəstəkləyib və İşgüzar Şuranın fəaliyyətinin aktivləşdirilməsi və Qazaxıstan-İran ticarət-sənaye palatasının potensialından maksimum səmərəli istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
İlin əvvəlindən İran Qazaxıstan iqtisadiyyatına 17,8 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
Bundan əlavə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin və Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutunun potensialının daha da artırılmasında qarşılıqlı marağı təsdiqləyiblər.
Prezidentlər, həmçinin regionlararası əlaqələrin möhkəmləndirilməsi üçün nəqliyyat-tranzit yollarının daha da şaxələndirilməsi, o cümlədən Xəzər dənizində liman infrastrukturunun birgə inkişafı perspektivlərini müzakirə ediblər.