Kobaxidze: Gürcüstan suveren xarici siyasətini gücləndirməli və milli maraqlarını qorumalıdır

Gürcüstanın xarici çağırışlara cavabı suveren xarici siyasətin gücləndirilməsi, milli maraqların ardıcıl qorunması və diplomatiyanın daha səmərəli istifadəsi olmalıdır.

Report-un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Diplomat Gününə həsr olunmuş tədbirdəki çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan son illərdə iqtisadi inkişaf, təhlükəsizlik və suverenliyin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Baş nazir qeyd edib ki, inkişaf yeni imkanlarla yanaşı, ölkənin beynəlxalq arenada qarşılaşdığı çağırışları da artırır.

İ.Kobaxidze bildirib ki, hökumətin əsas məqsədlərindən biri diplomatik xidmətin inkişaf etdirilməsi, onun çevikliyinin və səmərəliliyinin artırılmasıdır.

Baş nazirin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyində islahatlara 2025-ci ildə başlanılıb və bu proses mərhələli şəkildə davam etdirilir. O bildirib ki, islahatlar çərçivəsində ölkənin xaricdəki diplomatik nümayəndəlikləri gücləndirilir, gənc və savadlı kadrların diplomatik xidmətə cəlb edilməsinə xüsusi diqqət yetirilir.

Kobaxidze bu məqsədlə Diplomatiya Akademiyasının yaradıldığını da vurğulayıb:

"Akademiya müvafiq biliklərə, analitik bacarıqlara, yüksək etik standartlara və innovativ baxışa malik kadrlar hazırlayacaq. Gürcüstan diplomatiyasının gələcəyi onlardan asılıdır".

Digər xəbərlər