Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi kiberhücuma məruz qalıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Diqqət! Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi kütləvi kiberhücuma məruz qalıb. Nəticədə hücum edənlər əhaliyə saxta məlumatlar göndərə biliblər", – deyə nazirliyin açıqlamasında bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, hazırda zəifliyin aradan qaldırılması və tətbiqin normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır.
Rusiya teleqram kanallarının məlumatına görə, əhaliyə "nüvə başlıqlarının buraxılması" barədə bildiriş və "üç həftəlik ərzaq ehtiyatı yaradın" xəbərdarlığı göndərilib.
Bundan əvvəl, bazar ertəsi Ukrayna tərəfi də mobil tətbiqə kənar müdaxilə edildiyini bildirmişdi. Qeyd olunmuşdu ki, "Hava həyəcanı" tətbiqinin istifadəçilərinə guya nüvə təhlükəsi və ya küçə döyüşləri barədə bildirişlər göndərilib. Teleqram kanalı "Mash"ın məlumatına görə, sonradan Rusiyadan olan hakerlər hücuma görə məsuliyyəti üzərlərinə götürüblər.