Xocalı soyqırımının şahidi: "Hər ilin bu günlərində özümü 4 yaşında uşaq kimi hiss edirəm"

"Həmin vaxt uşaq olsam da, hər şey gözümün qabağındadır, sanki faciə 30 il əvvəl deyil, 3 gün əvvəl olub. Hər ilin bu günləri heç vaxt sağalmayan yaralarımız bir az da qanayır. Qanamasaydı bəlkə də sağalardı, amma qanamaması da mümkün deyil, çünki bizdən asılı olmadan ildə bir dəfə o hadisələrin qoxusu duyulur".

Bunu "Report"a Xocalı soyqırımının 4 yaşlı şahidi Emin Quliyev deyib.

Onun sözlərinə görə, bu yaralar isə 30 ilə sağalası yaralar deyil: "Bəlkə nə vaxtsa oralara qayıdandan sonra yaxşı hadisələr baş verər. 30 ildir faciə baş verdiyi ilk günün ağrısı və acısı ilə bizimlə birlikdə yaşayır. Fevral xocalılar üçün qara aydır. Mən hər ilin bu günlərində özümü 4 yaşında uşaq kimi hiss edirəm. Xocalı faciəsi bəşəri və misli görünməmiş bir faciə idi. Körpə uşaqlara, hamilə qadınlara, yaşlılara, qocalara baxmadılar, xüsusi qəddarlıqla, xüsusi vəhşiliklə insanları qətlə yetirdilər".

Hadisənin baş verdiyi gecə yaşanan faciə ilə bağlı öz təəssüratlarını bölüşən Xocalı sakini bildirib ki, amansız düşmən uşaq, qadın bilmədən qəddarlıq edib, günahsız, əliyalın və müdafiəsiz insanları xüsusi amansızlıqla qətlə yetirib:

"Bilirsiniz, Xocalının başının üzərini qara buludların aldığı barədə əvvəlcədən hamıda məlumat var idi. Çünki şəhər bir neçə ay mühasirədə oldu, özü də köməksiz vəziyyətdə qalmışdı. Sonradan sakinlərin yalnız vertolyotun köməkliyi ilə təxliyəsi mümkün olub. Amma həmin ərəfədə ermənilər tərəfindən törədilən "vertolyot faciəsi"ndən sonra insanların hava nəqliyyatı vasitəsilə daşınması təhlükə mənbəyinə çevrilib. Buna görə də camaatın çıxış yolu qalmayıb. Şəhər mühasirədə olduğu üçün Ağdama və digər rayonlara gedən yollar da bağlanıb. Uşaq olsam da, hadisələr olduğu kimi yadımdadır. Ermənilər fevralın 25-dən 26-na keçən gecə qəfildən şəhərə hücum etdilər. Birdən vahimə başladı, hərə bir tərəfə qaçıb canını qurtarmağa çalışırdı".

Xocalı soyqırımının 4 yaşlı şahidi Emin Quliyevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Digər xəbərlər