Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiyada ekofəalların, gənc aktivistlərin və könüllülərin etiraz səslərini işıqlandıran media nümayəndələri öz peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər.
Jurnalistlər ekologiyanı qorumağı, ekoloji terrorun, ekoloji cinayətin dayandırılmasını tələb edən etirazçıların səslərini dünya ictimaiyyətinə çatdırmağa çalışırlar.
QHT aktivistləri tərəfindən müstəqil şəkildə təmin edilən çadırlar və konteynerlərdə etirazçılarla yanaşı KİV nümayəndələri üçün də yüksək səviyyədə şərait yaradılıb.
Belə ki, jurnalistlər gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar. Onlar üçün ayrılmış mediapress konteynerdə telefonların və kameraların akumlyatorlarını şarj etmək üçün də şərait yaradılıb.
Aksiyanın işıqlandırılmasında "Report" İnformasiya Agentliyinin (İA) əməkdaşları ilə yanaşı, AZƏRTAC, Trend İA, AzTV, İctimai TV, Real TV, ARB TV, Baku TV, CBC TV və Xəzər TV-nin əməkdaşları da iştirak edirlər..
Yerli media nümayəndələrilə yanaşı qardaş Türkiyənin "Haber Global" televiziya kanalının əməkdaşları da əraziyə gəlib. Onlar günlərdir reportajlar, canlı yayımlar edir, ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiyaçıların səsini dünya ictimaiyyətinə çatdırmağa səy göstərirlər.
AzTV-nin Qarabağ bürosu üzrə müxbiri Elnur Tofiq "Report"un əməkdaşı ilə söhbət edən zaman bildirib ki, aksiya başladığı gündən etibarən etirazçıların tələblərini dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. O söyləyib ki, havanın soyuq olmasına baxmayaraq, digər jurnalistlərlə yanaşı etirazçılara informasiya dəstəyi verirlər:
"Bu gün hər bir azərbaycanlının ürəyi burada döyünür. Çünki talanan filiz yataqları ölkəmizindir. Aksiyaya gəlmək istəsə də, gələ bilməyənlər burada baş verən məlumatları bizdən alırlar. Həm də biz bu aksiyanı işıqlandırmaqla yanaşı etirazçılara media dəstəyi veririk. Aksiyanın ilk günlərindən operatorum Elşad Heydərovla öz peşə fəaliyyətimizi yerinə yetiririk. Vətənə xidmətin cəbhəsi yoxdur, bugünkü xidmətimiz Xankəndi-Laçın yolundadır!"
AzTV-nin operatoru Elşad Heydərov deyib ki, ekoloji terrora qarşı keçirilən aksiya iştirakçılarının səslərini dünya ictimaiyyətinə sona qədər çatdıracaqlar:
"Havanın soyuq olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində 44 günü necə çalışdıqsa, bu gün də qışın qarına, şaxtasına baxmayaraq, ekofəalların haqq səslərini, tələblərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik. Sona qədər də onların yanında olaraq, media dəstəyimizi sonuna qədər göstərəcəyik. Biz aksiyada gün ərzində müxtəlif saatlarda xəbərlərə, səhər və tokşou proqramlarına canlı qoşularaq, aksiya iştirakçılarının istək və tələblərini çatdırırq".
Baku TV-nin müxbiri Orxan Qurbanov da günlərdir aksiyanın baş verdiyi ərazidədir. Onun sözlərinə görə, medianın əsas istəyi təkcə Azərbaycan ictimaiyyətini deyil, dünya ictimaiyyətini də aksiya barədə operativ və dəqiq şəkilədə çatdırmaqdır:
"Artıq 11-ci gündür ki, Xankəndi-Laçın yulunda keçirilən aksiya davam edir. Biz də media qrumu olaraq burada baş verənləri işiqlandırırıq. Ermənistan mətbuatı bu sivil aksiyaya müxtəlif siyasi donlar geyindirməyə çalışır. Elə buna görə də bu sivil aksiyanın əsas məqsədini, məramını dünya ictimaiyyətinə dəqiq formada çatdıraq ki, beynəlxalq aləm də, əslində nə baş verdiyindən məlumatlı olsun. Sona qədər buradayıq, yorulmadan, usanmadan öz işimizi davam etdiririk və davam da etdirəcəyik".
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.