Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunan sərginin açılışı olub

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunan "Mozaik və rəngkarlıq dünyası" adlı sərginin açılışı olub.

"Report"un məlumatına görə, mərasimdə Mədəniyyət Nazirliyinin və Rəssamlar İttifaqının rəsmiləri, rəssamlar, mədəni-ictimai xadimlər, eləcə də media mənsubları iştirak edib.

Çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq rəssamının yaradıcılığının özünəməxsusluğuna diqqət çəkib.

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova isə Oqtay Şixəliyevin mozaika sənətkarlığı və bu müstəvidə milli-mədəni və modernist keyfiyyətləri barədə söz açıb.

Nəvələri Nahidə və Cəmilə Şahverdiyevalar isə ailənin adından çıxış edərək onlar üçün bu günün əlamətdar olduğunu vurğulayıb və göstərilən diqqət üçün təşəkkürlərini ifadə edib.

Çıxışların ardınca qonaqlar sərgi ilə tanış olub.

Məlumat üçün bildirək ki, Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakıda anadan olub. O, rəngkarlıq və monumental-dekorativ sənət sahələrində yaratdığı əsərlərlə milli təsviri sənət tarixində özünəməxsus yer tutur. Rəssamın yaradıcılığı dəzgah rəngkarlığından mozaika və freskaya, ictimai binaların bədii tərtibatından dekorativ-tətbiqi sənətə qədər geniş sahəni əhatə edir.

Xalq rəssamı 31 yanvar 2012-ci ildə Bakıda vəfat edib.

Digər xəbərlər