İkinci Qarabağ müharibəsi şəhidi İsmayıl Kərimlinin həyat və döyüş yolundan bəhs edən "İsmayıl məqamı" sənədli filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar və Gənclər şuralarının təşkilati dəstəyi ilə Nizami Kino Mərkəzində baş tutan mərasimdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən deputat Azay Quliyev bildirib ki, İ.Kərimli kimi qəhrəmanların şücaəti sayəsində Azərbaycan xalqı məğlubiyyət sindromundan xilas olaraq torpaqlarını işğaldan azad edib:
"Şəhidlər ən qiymətli nemət olan canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına töhfə veriblər".
A.Quliyev vurğulayıb ki, onların böyük əksəriyyəti əvvəllər Qarabağda olmasa da, Vətən müharibəsində könüllü iştirak edərək tarixi missiyanı şərəflə yerinə yetiriblər.
Deputat Məlahət İbrahimqızı isə "İsmayıl məqamı" filminin yalnız İ.Kərimlinin deyil, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olduğunu söyləyib.
Onun sözlərinə görə, şəhidlərin həyat yolu və ailələrinin xatirələri ilə tanış olduqca onların Vətən uğrunda mübarizəyə necə böyük inam və əzmlə kökləndikləri aydın görünür.
Daha sonra çıxış edən şəhidin atası Ceyhun Kərimli bildirib ki, şəhidlik fədakarlığın ən yüksək zirvəsidir.
"İnsan müxtəlif dəyərlərini başqaları üçün fəda edə bilər, lakin Vətən, din və ailə naminə canından keçmək xüsusi cəsarət tələb edir. İ.Kərimlinin timsalında şəhidlər anılarkən onların xatirəsi yalnız hüzn və göz yaşları ilə deyil, həm də sevinc və qürur hissi ilə yad olunmalıdır", - o qeyd edib.
Çıxışlardan sonra "İsmayıl məqamı" sənədli filmi nümayiş olunub.