İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub

VI "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivəsində Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub.

"Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ekran işi festivalın sənədli film kateqoriyasında yarışır.

Filmdə Azərbaycanın cənub-qərbində yerləşən Azıx mağarasının qədim tarixdəki yeri bütövlükdə insan növünün yaranması və planetə yayılması kontekstində araşdırılır. Azıx mağarasının quruluşu, qədim insanlar üçün əhəmiyyəti, orada tədqiqatların başlaması və hazırkı vəziyyəti ətraflı şəkildə izah olunur.

Bu məqsədlə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan, həm yerli, həm də əcnəbi alimlərdən alınan müsahibələrdən istifadə edilir.

Ekran işində MONREPOS Arxeoloji Tədqiqatlar Mərkəzinin eksperti Joao Manuel Marreiros, Algarve Universitetinin qədim tarix və arxeologiya mütəxəssisi Eduard Paixao, Britaniyanın Durham Universitetinin arxeoloqu, professor Pol Barri Pettitt, Kanadanın Viktoriya Universitetindən professor April Nouell, Ankara Universitetindən arxeoloq, professor Harun Taşkıran, AMEA-nın baş elmi işçisi, Azıx tədqiqat qrupunun rəhbəri Əjdər Babazadə, eləcə də digər tanınmış mütəxəssislərin Azıx mağarası, onun insanlığın tarixdə oynadığı rol haqqında fikirləri yer alıb.

Digər xəbərlər