Türkiyənin İstanbul şəhərində altıncı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılış mərasimi keçirilib.
"Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raevlə yanaşı, türk dövlətlərinin Mədəniyyət nazirliklərinin rəsmiləri, film istehsalçıları, prodüserlər, kino ictimaiyyəti və media mənsubları iştirak ediblər.
Açılış nitqlərində türk dövlətlərinin ortaq kökə və tarixə malik olması və bu prinsiplərə əsaslanan mənəvi bağların kino sahəsində də özünü göstərdiyi qeyd olunub.
Bildirilib ki, ortaq tarixi yaddaş və mədəni irs türk xalqlarını bir-birinə yaxınlaşdıran möhkəm təməldir və kino sənəti bu birliyin təbliği üçün ən təsirli vasitələrdəndir.
Çıxışlarda türk dünyası kinematoqrafçılarının birgə səylərlə yeni layihələrə imza atmalarının zəruriliyini vurğunıb.
Sonra builki festivalın əsas proqramına nəzər salınıb və jürilərin təqdimatı olub.
Gecənin sonunda festivalın açılış filmi kimi qırğız rejissor Kanıbek Kalmatovun "Aytmatov" filmi nümayiş olunub.
Məlumat üçün bildirək ki, 6-cı "Korkut Ata" Türk Dünyası Film Festivalı noyabrın 7-dək davam edəcək.
Festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç kateqoriya üzrə Azərbaycan filmlərinin iştirakı nəzərdə tutulub. Belə ki, tammetrajlı bədii film kateqoriyasında "Tağıyev: Məktəb", sənədli film kateqoriyasında "Azıx mağarası", qısametrajlı bədii film kateqoriyasında "Torpağı sanı yaşayasan" filmləri nümayiş etdiriləcək.
Bundan əlavə, festival çərçivəsində Azərbaycan klassik kinosunun nümunəsi kimi "Bir cənub şəhərində", müasir sənədli film nümunəsi olaraq "Bakı Türkoloji Qurultayı 100" filmləri göstəriləcək.
Xatırladaq ki, 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş festivalın məqsədi türk ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir. Ötən beş ildə festival türk ölkələrinin müxtəlif şəhərlərində, o cümlədən, Bakıda keçirilib.