MFC: Azərbaycanda yeni mikromaliyyə modeli formalaşdırmağı dəstəkləmək istəyirik

Baş ofisi Polşanın paytaxtı Varşavada yerləşən, Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 140-dan çox təşkilatı birləşdirən Mikromaliyyə Mərkəzi (MFC) Azərbaycanda yeni mikromaliyyə modelinin formalaşdırılmasına dəstək vermək istəyir.

"Report" xəbər verir ki, MFC-nin icraçı direktoru Katarjina Pavlak "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan mikromaliyyə sektoru Azərbaycan Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində öz modelini formalaşdırır: "Başlanğıcda müzakirə kimi ortaya çıxan təşəbbüs artıq ortaq gələcəyə çevrilib. MFC bu modelin hazırlanmasından tətbiqinə keçid prosesində AMFA və AMB-ni dəstəkləməyə hazırdır. Dünya yenidən dəyişir və bu konfransın gündəliyi də bunu göstərir. Davamlılıq, investisiyalar, iqlim dəyişikliyi, texnologiya, süni intellekt, eləcə də sahibkarların, ev təsərrüfatlarının və institutların dəyişən ehtiyacları əsas diqqət mərkəzindədir. MFC-də biz də bu transformasiya ilə üzləşirik və süni intellektdən istifadəyə, iqlim dəyişikliyinə uyğunlaşmanın dəstəklənməsinə yönəlmiş həllər də daxil olmaqla, praktiki həllər üzərində işləyirik. Lakin bu dəyişikliklərin hər biri bizi vahid bir suala qaytarır: Bütün bunlar müştərilərimizə daha yaxşı xidmət göstərməyə kömək edirmi? Çünki son məqsəd texnologiya deyil. Süni intellekt son məqsəd deyil. İqlim maliyyəsi də son məqsəd deyil. Əsas məqsəd müştəridir".

Digər xəbərlər