Dmitro Şlapaçenko: "Azərbaycanda gələn il yeni DİM dialoqları keçiriləcək"

Azərbaycan BMT-nin nail olmağa çalışdığı qlobal dəstəyi səfərbər etmək üçün lazımi resurslara, münasibətə və liderlik qabiliyyətinə malikdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru Dmitro Şlapaçenko bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BMT Milli Müəyyənləşdirilmiş Töhfələrlə bağlı planların həyata keçirilməsində Azərbaycan hökumətinə dəstək verməyə hazırdır: "Həmçinin razılaşdıq ki, gələn il yeni DİM dialoqları keçiriləcək ki, bu da çox vacibdir. Ümid edirik ki, bu dialoqlarda bir çoxunuz iştirak edə biləcək".

D. Şlapaçenko xatırladıb ki, BMT-nin Azərbaycandakı bütün agentlikləri ilə hökumət arasında Xankəndidə strateji dialoq keçirilib: "Razılaşdıq ki, BMT bu iki regionda hökumət təşəbbüslərini dəstəkləmək üçün hökumətlə sıx əməkdaşlıq edəcək. Bu, "yaşıl enerji"ni əhatə edəcək, lakin biz həmçinin bu əməkdaşlığı genişləndirmək istərdik. Hazırda hökumətlə əhatə edə biləcəyimiz digər sahələri müzakirə edirik".

Onun sözlərinə görə, bu, gənclərin şəhər inkişafına, kənd təsərrüfatına və səhiyyəyə cəlb edilməsi, həmçinin ev təsərrüfatları ilə iş sahəsini əhatə edəcək: "Azərbaycanda fəaliyyət göstərən bütün BMT-nin agentlikləri bu iki iqtisadi zonada işləyəcək. Ümid edirik ki, əməkdaşlığımızı xeyli genişləndirəcəyik. Biz Azərbaycan hökuməti ilə bu sahədə işləmək üçün çox yaxşı bir yol tapmışıq. Planlaşdırılan iki dialoqu hökumətlə daha ətraflı müzakirə etməli olacağıq. Çünki yekun təsdiq və qərar onlar tərəfindən veriləcək. Lakin gözləyirik ki, bir DİM dialoqu Şuşada, digəri isə Naxçıvanda keçiriləcək".

BMT rəsmisi qeyd edib ki, amma tarixlər hələ müəyyən edilməyib: "Hökumətlə hələ müzakirə etdiyimiz mövzular DİM-in lokallaşdırılması ilə bağlı olacaq. Hesab edirik ki, bu DİM dialoquları düzgün siyasət qərarvericiləri səfərbər edir, yeni mühüm istiqamətlər yaradır, yeni qapılar açır və əsasən bizə daha tənqidi düşünməyə və yeni ideyalar irəli sürməyə kömək edir".

Digər xəbərlər