Azərbaycanda İslam maliyyələşdirməsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, alternativ maliyyə alətlərinin tətbiqi və vergi maneələrinin aradan qaldırılması vacibdir.
"Report" xəbər verir ki, bunu Şəriət Nəzarət Şuralarının sədri və üzvü, İslam maliyyəsi üzrə ekspert və auditor Abdurəşid Ustaz Jorayev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
A. Ustaz Jorayevin fikrincə, İslam maliyyələşdirməsi Azərbaycan üçün yeni investisiya seqmentidir və onun inkişafı maliyyə xidmətləri strategiyasının həyata keçirilməsinə, bank-maliyyə sektorunun genişlənməsinə töhfə verə bilər. Bu istiqamət həm xarici investisiyaların cəlbi, həm də ölkə daxilində reallaşdırılmamış investisiya potensialının səfərbər edilməsi baxımından əhəmiyyətlidir.
"20 ildən artıq praktiki təcrübəmizə əsaslanaraq, qanunvericilik bazasının və milli strategiyaların hazırlanmasından tutmuş investisiyaların təşviqinə və kadr hazırlığına qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişik. Azərbaycan üçün həm standart, həm də bir sıra qeyri-standart addımlar təklif edirəm və onların həyata keçirilməsində birbaşa iştirak etməyə hazıram.
Birincisi, Azərbaycanda alternativ maliyyələşmə mənbələri yaratmaq lazımdır. Uzunmüddətli və genişmiqyaslı dəyişiklikləri gözləmək əvəzinə, Mikromaliyyə Təşkilatlarının Assosiasiyasının və müvafiq qurumların dəstəyi ilə yeni maliyyələşdirmə imkanları formalaşdırılmalıdır. Bu baxımdan, son dövrlərdə aktuallıq qazanan icarə, sələm və müşarəkə kimi İslam maliyyə alətləri yeni tələblərə cavab verə bilər. Bu mexanizmlərin mikromaliyyə sektorunda tətbiqi imkanlarını da araşdırmaq vacibdir.
İkincisi, vergi çərçivəsini formalaşdırmaq və mövcud maneələri aradan qaldırmaq lazımdır. İslam maliyyə alətlərinin tətbiqində ikili vergitutma problemi də maneə yarada bilər. Buna görə ilk növbədə Mülki Məcəlləyə edilən dəyişikliklərə baxılmalı, əməliyyatların hüquqi rəsmiləşdirilməsi ilə bağlı müddəalar dəqiqləşdirilməlidir. Əgər bu əməliyyatların hüquqi xüsusiyyətləri Mülki Məcəllədə fərqli qaydada müəyyənləşdirilirsə, həmin xüsusiyyətlər vergi qanunvericiliyində də nəzərə alınmalıdır".