Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi" QSC-nin dövlət zəmanəti ilə cəlb etdiyi 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazları geri qaytarmasıdır.
Dövlət zəmanətli borcunun 4 milyard 857,88 milyon manatı (2 milyard 857,58 milyon ABŞ dolları) və yaxud 61,6 %-i xarici kreditlərin, 3 milyard 28,2 milyon manatı və yaxud 38,4 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 52,2 %-ni sabit, 47,8 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 57,9 %, avro – 19,4 %, manat – 16,2 %, yapon yeni – 4,6 %, digər valyutalar – 2 %.