Azərbaycan hökuməti Dünya Bankının kreditindən “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinə tam istifadə edib və onun həyata keçirilməsi üçün bank tərəfindən 2014-cü ildə 100 milyon ABŞ dolları, 2020-ci ildə isə əlavə 50 milyon ABŞ dolları ayrılmışdı.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının layihənin vəziyyəti və nəticələrinə dair hesabatında qeyd edilib.
Ümumilikdə, layihə məqsədlərinə nail olmaq istiqamətində irəliləyiş qənaətbəxş kimi qiymətləndirilir.
“2024-cü il iyunun 30-da layihənin bağlanması zamanı Azərbaycanda 6 məhkəmənin bütün məhkəmə zallarında elektron məhkəmə sisteminin, elektron hüquq-mühafizə sisteminin tətbiqi və audio-video avadanlıqların quraşdırılması başa çatdırılıb. Növbəti 12 ay ərzində keçidi asanlaşdırmaq üçün sistemlərə texniki xidmətlərinin göstərilməsi üçün müqavilələr bağlanılıb. Təqdim edilən xidmətlərin təkmilləşdirilməsi, səmərəliliyin ölçülməsi və idarə edilməsi məqsədilə biznes təhlil və süni intellekt alətlərindən istifadə üçün prototipləşdirmə komponentində əhəmiyyətli irəliləyiş əldə olunub”, - hesabatda qeyd olunur.
Layihə çərçivəsində ədliyyə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması üçün 43,84 milyon ABŞ dolları ayrılıb. Bundan başqa, institusional potensialın, effektivliyin, monitorinqin və qiymətləndirmənin gücləndirilməsi (25,8 milyon ABŞ dolları), ədliyyə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi (59,71 milyon ABŞ dolları), layihələrin idarə edilməsi və əlaqələndirilməsi (12,89 milyon ABŞ dolları) üçün maliyyə vəsaiti ayrılıb. Ədliyyə sisteminin fəaliyyəti və göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün transformasiya texnologiyalarının pilot əsasda tətbiqi üçün (4,83 milyon ABŞ dolları) də vəsait ayrılıb.
Məlumata görə, layihənin benefisiarlarının sayı 4 974 467 nəfər olub. Onlar arasında qadın benefisiarların xüsusi çəkisi 36,27 %-ə çatıb. Ümumilikdə bu layihə ilə 53 497 keçmiş məcburi köçkünə yardım göstərilib. Bu, layihənin benefisiarlarının ümumi sayının 1,08 %-nin payına uyğundur.
Azərbaycanda keçmiş məcburi köçkünlərin ümumi sayı 650 minə yaxındır. Beləliklə, bu layihə ilə Azərbaycanda keçmiş məcburi köçkünlərin təxminən 8,2 %-nə dəstək verilib.