Dövlət büdcəsinin nəticələrə əsaslanan idarə olunması və fəaliyyət auditinin reallaşdırılması dövlət sektorundakı islahat prosesləri ilə uyğunlaşdırılmalı, bu alətlər dövlət vəsaitlərinin effektiv xərclənməsinə və ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlməlidir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev deyib.
Onun sözlərinə görə, dövlət sektorunda aparılan islahatlar, hər şeydən əvvəl, iqtisadi müstəvidə reallaşdırılır və əsas etibarilə dövlət idarəçiliyinin modernləşdirilməsini əhatə edir. Bu prosesin əhəmiyyətli istiqamətlərindən birini isə dövlət maliyyəsinin idarəetmə sisteminin yenilənməsi təşkil edir.
Z.Vəliyev qeyd edib ki, nəticələrə fokuslanmış büdcə və audit modellərinin tətbiqinə dair qərarlar hər bir dövlətin özünəməxsus iqtisadi və institusional şərtləri nəzərə alınaraq verilməlidir. Eyni zamanda, bu mexanizmlərin həyata keçirilməsi prosesində bir sıra əsas prinsiplərə riayət olunması zəruridir.
O bildirlib ki, nəticəyönümlü idarəetmə büdcə və audit sahəsində əhəmiyyətli vasitə olsa da, onu universal çıxış yolu hesab etmək düzgün deyil. Bu mexanizmlərin başlıca məramı büdcə resurslarından daha optimal şəkildə istifadə edərək əldə edilən nəticələrin və ictimai faydanın maksimallaşdırılması olmalıdır.
Şöbə müdirinin fikrincə, nəticəyönümlü büdcələşmə Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) islahatının ayrılmaz komponenti olaraq reallaşdırılmalıdır. OMXÇ müxtəlif sektorlar üzrə strateji məqsədlərə nail olmaq məqsədilə maliyyə resurslarının effektiv paylanmasını nəzərdə tutduğundan, fəaliyyət büdcəsi müstəqil mexanizm şəklində deyil, ölkənin sosial-iqtisadi prioritetlərini dövlət maliyyə sisteminə daxil edən fundamental islahatın elementi kimi formalaşdırılmalıdır.
Onun qənaətinə görə, nəticəyönümlü büdcələşmənin tətbiqi strateji planlaşdırma mədəniyyətinin və dövlət sektorunda nəticəyə istiqamətlənmiş düşüncə modelinin yaradılması ilə başlamalıdır. Bu cür yanaşmalar dövlət vəsaitlərinin sərf edilməsində əsas prioritet olan vətəndaş tələbatlarına diqqətin yönəldilməsinə və dövlət xidmətlərinin səmərəliliyinin gücləndirilməsinə şərait yaradacaq.
Z.Vəliyev əlavə edib ki, fəaliyyət nəticələrinin ölçülməsi üçün Əsas Fəaliyyət Göstəriciləri (KPI) sistemi inkişaf etdirilmiş metodologiya üzərində qurulmalı, islahatlar isə birtəpərli tədbir kimi deyil, fasiləsiz proses şəklində aparılmalıdır. Bu kontekstdə həm mexanizmlərin tətbiq sahəsi genişləndirilməli, həm də dövlət qulluqçularının nəticəyönümlü idarəetmə qaydalarını dərindən mənimsəməsi təmin edilməlidir.
O bildirib ki, fəaliyyət auditi nəticəyönümlü büdcənin dəyərləndirilməsinə istiqamətlənməli, auditin sonunda irəli sürülən tövsiyələr ən geci sonrakı ilin dövlət büdcəsində aidiyyəti qurumun fəaliyyəti üzrə tətbiq olunmalıdır.
Şöbə müdiri vurğulayıb ki, fəaliyyət auditinin yekun nəticələri təkcə ayrı-ayrı dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə kifayətlənməməli, paralel olaraq, dövlətin göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və nəticə etibarilə sosial rifah səviyyəsinin artmasına töhfə verməlidir.