EBRD: İnvestisiya ehtiyaclarının konkret layihələrə çevrilməsinə dəstək veririk

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) investisiya ehtiyaclarının konkret layihələrə çevrilməsinə dəstək verir.

"Report" xəbər verir ki, bunu EBRD-nin direktor müavini və baş bankiri Real Hacıyev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan kimi inkişaf etməkdə olan bazarlarda sistemli yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır: "Buna görə də proses ilk növbədə milli siyasət səviyyəsində öhdəliyin formalaşdırılmasından başlamalı, daha sonra institusional idarəetmə mərhələsinə keçməlidir. Bu əsas uğur amilləri təmin edildikdən sonra maraqlı tərəflərin maraqlarının uzlaşdırılması, ardınca maliyyələşdirmə variantlarının və texniki-mühəndislik həllərinin müəyyənləşdirilməsi gəlir. EBRD olaraq biz bu prosesin bütün mərhələlərində iştirak edirik. Məsələn, dövlət-özəl tərəfdaşlığı haqqında qanunun hazırlanmasına və enerji sektorunda qanunvericilik bazasının inkişafına töhfə vermişik. Daha yerli səviyyədə isə Gəncə şəhərinə Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanmasında kömək etmişik. Bu plan Gəncənin daha sağlam, yaşamaq üçün əlverişli, eyni zamanda daha canlı şəhərə çevrilməsinə yönəlmiş uzunmüddətli inkişaf baxışını müəyyən edir. Həmin fəaliyyət planı çərçivəsində hazırda bərk məişət tullantılarının yığılması infrastrukturu, küçə işıqlandırması və su infrastrukturu üzrə üç investisiya layihəsini həyata keçiririk"

"Bundan əlavə, investisiya ehtiyacları müəyyən edildikdən sonra tərəfdaş təşkilatlarımıza həmin ehtiyacları konkret investisiya konsepsiyalarına çevirməkdə dəstək göstəririk. Müvafiq araşdırmaların hazırlanmasına və layihələrdə çatışmayan elementlərin tamamlanmasına kömək edirik. Bununla da investisiya layihələrinin həm beynəlxalq standartlara uyğun olmasını, həm də yerli maraqlı tərəflərin ehtiyaclarını qarşılamasını təmin etməyə çalışırıq", - deyə baş bankir əlavə edib.

Digər xəbərlər