Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 4 %-i İtaliyadadır.
"Report" xəbər verir ki, bunu Fondun İcraçı direktorun müavini Rövşən Cavadov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
O, xatırladıb ki, ARDNF İtaliyaya 2,8 milyard ABŞ dolları investisiya qoyub: "İtaliya fondun qlobal fəaliyyətlərində xüsusi yerə malikdir, ilk dördlükdədir. Bu, İtaliya şirkətlərinə, fiskal etibarlılığına və hər şeydən əvvəl sənaye və insan kapitalına etimadı nümayiş etdirən uzunmüddətli qərarların nəticəsidir".
Bundan başqa, onun sözlərinə görə, Fond İtaliya ilə suveren investisiya əməkdaşlığını genişləndirir: "Bu çərçivədə biz İtaliyanın suveren fondu olan "CDP Equity" ilə də tərəfdaşlıq əlaqələri qururuq".
"ARDNF fəaliyyət göstərdiyi 27 il ərzində 70 milyard ABŞ dollarından çox vəsaiti idarə edib. Bu vəsaitlər 70-dən çox ölkəni əhatə edən kifayət qədər şaxələndirilmiş investisiya portfelinə yönəldilib. Fond həmçinin beynəlxalq səviyyədə digər suveren fondlarla sıx əməkdaşlıq edir və Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun əsas təsisçilərindən biridir. Bu forum ümumilikdə 10 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən 40-dan artıq suveren fondu birləşdirir.
ARDNF 2028-ci ildə forumun növbəti iclasına ev sahibliyi edəcək. Fondun icraçı direktoru isə növbəti iki ilndə forumun Müşahidə Şurasına rəhbərlik edəcək", - deyə R.Cavadov vurğulayıb.