Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % artaraq 4 milyard 420,6 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 3 milyard 313,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 930,6 milyon manatı dövlət, 3 milyard 490 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 436 manatlıq və yaxud 1 il əvvələ nisbətən 86,4 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.