Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunun rəqəmsal transformasiyası üzrə yeni dövlət proqramı hazırlayır.
"Report" xəbər verir ki, bunu AMB-nin İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
Onun sözlərinə görə, son illərdə tənzimləmə və nəzarət istiqamətləri üzrə həyata keçirilən dayanıqlı tədbirlər ölkənin bank sektorunun beynəlxalq reytinqlərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verib.
"Maliyyə sektorunun gələcək inkişafı üçün rəqəmsal hazırlıq diqqət mərkəzindədir. AMB hazırda 2027–2030-cu illər üçün maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə dövlət proqramı üzərində işləyir. Proqramın əsas məqsədi ölkəmizi regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir", - deyə AMB rəsmisi qeyd edib.
Ə.Məmmədyarov onu da deyib ki, müasir dünyada neyroşəbəkələr və süni intellekt bankların əsas əməliyyat nüvəsinə çevrilməkdədir: "Lakin bu sistemin sürətli və mürəkkəbliyi artdıqca səhvin qiyməti də yüksəlir. Neyroşəbəkə və süni intellekt haqqında danışarkən əsas baza prinsipi qeyd etmək istərdim: texnologiyalar özü-özlüyündə neytral deyil".