Fuad İsayev: "10 ayda MKOS subyektlərinə verilən kreditlərin qalıq məbləği 8 milyard manatı keçib"

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan banklarının mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verdiyi kreditlərin məbləği qalıq ifadəsində 8,4 milyard manatı keçib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakıda keçirilən "Biznesdə Gənclər Proqramı - Qafqaz" tədbirində bildirib.

Onun sözlərinə görə, həmin portfel 10 ay ərzində 11 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 15 % böyüyüb: "Kreditlərin məbləğ ifadəsində 49 %-i mikro sahibkarların payına düşür. Mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin keyfiyyətinə gəlincə, bu portfelin cəmi 3 %-i qeyri-işlək kreditlərdən ibarətdir. Mikro sahibkarlıq kreditləri portfelinin qalıq məbləği isə 4 milyard manatı keçib",

O qeyd edib ki, AMB sahibkarlarla birbaşa dialoqa da xüsusi əhəmiyyət verir: "2020-ci ildə AMB-nin İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilib və onun iclasları mütəmadi olaraq keçirilir. Son iclasda sahibkarlara kreditlərin verilməsi və girov şərtləri, eləcə də regionlarda bank xidmətlərinin genişləndirilməsi və rəqəmsal xidmətlərin əhatə dairəsinin artırılması məsələləri müzakirə olunub".

Digər xəbərlər