"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı oyunun çətin keçəcəyini bilirdik"

"Kür" həndbol komandasının Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə oyunun çətin keçəcəyi bəlli idi.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadınlardan ibarət "Kür" həndbol komandasının baş məşqçisi Fuad Yanqildin deyib.

O, komandasının "WHC Çair"ə məğlub olduğu (24:27) EHF Avropa Kubokunun III təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb:

"Çox gərgin mübarizəyə şahidlik etdik. Bundan əvvəlki müsahibələrimdə də bildirmişdim ki, Şimali Makedoniya Balkanların həndbol ənənələrinə malik ölkələrindən biridir. Onların həndbol məktəbi öz sözünü deyir. Buna görə də bizi çətin oyunun gözlədiyini bilirdik. Oyunda səhvlərimiz oldu. Çalışacağıq ki, həmin səhvləri təhlil edərək növbəti qarşılaşmada qələbə qazanaq".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu noyabrın 15-də "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Digər xəbərlər