İzabel Bearune: "Dünya çempionatında iştirak etmək gənclərimiz üçün böyük fəxrdir"

Azərbaycanda təşkil olunan U-15 dünya çempionatı və festivalı Kanaki – Yeni Kaledoniyada futbolun səviyyəsini qiymətləndirmək və gənc idmançılara böyük təcrübə qazandırmaq imkanı yaradır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Kanakinin Loyalite adaları İdman Komissiyasının vitse-prezidenti İzabel Berune deyib.

Qurum rəsmisi Kanaki – Yeni Kaledoniyanın kiçik ölkə olmasına baxmayaraq, gənclərin dünya səviyyəli yarışda təmsil olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. "Məqsədimiz gənclərimizi dəstəkləmək və onlara hörmət, təvazökarlıq, zəhmətkeşlik, həmçinin əzmkarlıq kimi dəyərləri aşılamaqdır. Məhz bu cür beynəlxalq turnirlər futbolçularımızın inkişafına və gələcək uğurlarına böyük təkan verir", – o bildirib.

Qeyd edək ki, oktyabrın 24-də start götürən U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək Hövsan Yarış Kompleksində davam edəcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Azərbaycan komandası bu gün, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Azərbaycan seçməsi oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Digər xəbərlər