Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında bu gün növbəti oyunlarını keçirəcək.
"Report"un məlumatına görə, Famil Xəlilovun komandası 12:45-də Andorra millisi ilə üz-üzə gələcək.
Komanda saat 19:30-da Avstraliya yığması ilə qarşılaşacaq.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığması ilə üz-üzə gəlib. Bakı Kristal Zalında baş tutan görüş Azərbaycan komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.