“Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlığın davamı olaraq texnoparklar üçün xarakterik istiqamətləri - texnologiyaların transferi və kommersiyalaşdırılmasını, startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsini və tətbiqini qarşıya məqsəd qoyub".
"Report" xəbər verir ki, bunu layihə çərçivəsində Bakıda - Azərbaycan Texniki Universitetində keçirilən forumda Azərbaycan-Koreya İnnovasiya Tərəfdaşlığı Proqramının layihə rəhbəri, STEPI-nin baş elmi işçisi Eun Joo Kim deyib.
Forumun açılış mərasimində çıxış edən qonaq 2022-2024-cü illəri əhatə edəcək layihənin təqdim etdiyi imkanlar barədə məlumat verib. O, STEPI ilə yanaşı, Cənubi Koreya universitetlərini və dövlət qurumlarını təmsil edən şəxslərdən ibarət nümayəndə heyətinin Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri, elm və innovasiya mərkəzləri ilə tanışlıq məqsədilə Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.
Tədbirə çıxış edən ATU-nun rektoru Vilayət Vəliyev isə bildirib ki, Azərbaycanda innovativ iqtisadi sistemin formalaşdırılmasına və inkişafına dəstək veriləcək. O, sözügedən layihənin Azərbaycanın Yüksək Texnologiyalar Parkının əməliyyat potensialının, rəqabət qabiliyyətinin əsas təlim proqramları vasitəsilə gücləndirilməsi, istismar təcrübəsinin artırılması baxımından vacib olduğunu qeyd edib, uğurlu nəticələr əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.