Madridin "Real" klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə DÇ-2026-nın seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi komandanın məşqçilər heyətinə istinadən məlumat yayıb.
Məlumata görə, Mbappe oktyabrın 13-də baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. O, bu xəsarəti oktyabrın 10-da Azərbaycan yığmasına qarşı ev oyununda alıb. Futbolçu eyni zədəni oktyabrın 4-də İspaniya çempionatının VIII turunda "Vilyarreal" klubuna qarşı matçda da yer almışdı.
Qeyd edək ki, DÇ-2026 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.