Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov yığmanın heyətində ilk dəfə forma geyindiyi günü heç vaxt unutmayacaq.
"Report" xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi bunu sosial şəbəkə hesabında yazıb.
34 yaşlı futbolçu millidəki karyerasını başa vurmaq qərarı barədə açıqlama yayıb:
"Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşmək istəyirəm. Azərbaycan milli komandasındakı karyeramı başa vururam. Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi".
O, geridə qalan illər ərzində unudulmaz anlar yaşadığını, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyi duyğular hiss etdiyini deyib:
"Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dəstəklərini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Andorra ilə görüş E.Mahmudov üçün millidə sonuncu olacaq.