Şahmat üzrə Azərbaycan çempionatı başlayıb

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında ölkə çempionatına start verilib.

"Report"un məlumatına görə, açılış mərasimində çıxış edən AŞF-nin baş katibi İlahə Qədimova iştirakçılara uğurlar arzulayıb.

Rapid və blits üzrə kişilər və qadınlar arasında ölkə çempionatı "FİDE (Beynəlxalq Şahmat Federasiyası) Oyun Qaydalarına" əsasən İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.

Kişi və qadınlar arasında ölkə çempionatının mükafat fondu 10 min manat təşkil edir. Kişilərin yarışında 32, qadınlarda isə 20 şahmatçı mübarizə aparır. Azərbaycan çempionatının baş hakimi Lütfiyar Rüstəmovdur.

Qeyd edək ki, Respublika Şahmat Mərkəzində keçirilən çempionatda ilk üç yeri tutacaq şahmatçılar AŞF tərəfindən dünya çempionatına ezam olunacaq.

Digər xəbərlər