Hazırda BP dənizdə və quruda neft və qaz layihələri çərçivəsində həyata keçirilən əməliyyatlarını davam etdirir.
“Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “Report”un sorğusuna cavab olaraq bildirib.
“Bizim dəniz platformalarımız və digər obyektlərimiz layihələndirilərkən bütün hava şəraitləri nəzərə alınaraq ən yüksək texniki təhlükəsizlik standartlarına uyğun inşa olunur”, - deyə o bildirib..
Bundan əlavə, T. Bayatlı qeyd edib ki, BP və tərəfdaşlarının qeyri-münasib hava şəraitləri üçün işlənmiş xüsusi əməyin təhlükəsizliyi prosedurları və qaydaları mövcuddur: “Biz hava haqqında əvvəlcədən aldığımız məlumatlara uyğun olaraq hər hava şəraitində hansı texniki təhlükəsizlik qaydaları tələb olunarsa, onları müvafiq olaraq işə salırıq və bütün dəniz və qurudakı obyektlərimizdə onlara ciddi riayət olunur. Məsələn, çox küləkli və digər qeyri-münasib hava şəraitində platformalarda və digər obyektlərimizdə açıq havada, hündürlükdə, kranlarla və s. aparılan işlərə məhdudiyyətlər qoyulur və iş planlarına müvafiq dəyişikliklər edilir”.