Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2,5 milyon ton neft ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 10 ayı üzrə operativ məlumatlarında deyilir.
Məlumata görə, bu, illik müqayisədə 1,3 milyon və ya 2,1 dəfə çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 18,5 milyon tona yaxın neft ixrac edib.Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon ton və ya 10,6 % azdır.
Bildirilir ki, hesabat dövründə ümumilikdə Azərbaycandan xarici ölkələrə 21 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, 2022-ci ilin 10 ayı ilə müqayisədə 0,9 milyon ton və ya 4,1 % azdır.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.