SOCAR Gürcüstana qaz nəqlini azaldıb

Bu ilin iyul-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan bazarına 71 milyon 125 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” SOCAR-ın 2023-cü ilin üçüncü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasına istinadən xəbər verir.

Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 102 milyon 291 min kubmetr və ya 2,44 dəfə azdır.

Qeyd edək ki, SOCAR Gürcüstana təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə ixrac edir.

Bu kəmər 691 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 248 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,41 milyard kubmetr təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 15 yanvar, 2026 / 09:45