Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dost və qardaş Türkiyədəki investisiya qərarlarını uzunmüddətli strateji hədəflər və dayanıqlı dəyər yaratma prinsipi əsasında formalaşdırır.
"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf bu gün Bakıda Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan "SOCAR Türkiyə" ilə "GAMA Enerji A.Ş." arasında razılaşdırılmış satış müqaviləsinin imzalanma mərasimində bildirib.
R. Nəcəf bununla bağlı açıqlamasında deyib ki, həyata keçirilən bu satınalmanın "SOCAR Türkiyə"nin bazar dayanıqlılığını uzunmüddətli perspektivdə artıracağına inanır: "Bu investisiya nəticəsində təbii qazdan elektrik enerjisi istehsalı ilə bağlı strategiyamız çərçivəsində mühüm addım ataraq, təbii qazın həm Türkiyə iqtisadiyyatına töhfə verməsini, həm də qrup şirkətimiz üçün daha səmərəli vəziyyətə gətirilməsini hədəfləyirik".
Müqavilə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu zamanı imzalanıb.
Sənədə əsasən, tərəflər arasında Türkiyənin Kırıkkale şəhərində yerləşən Mərkəzi Anadolu Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasının alqı-satqısı üzrə proses tamamlanıb.
870 MVt istehsal gücünə malik olan Mərkəzi Anadolu Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyası Türkiyənin strateji enerji mərkəzlərindən biri kimi elektrik təchizatı təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. "SOCAR Türkiyə" bu satınalma ilə mövcud enerji təchizatı və ticarət əməliyyatlarını gücləndirərək istehsal fəaliyyəti ilə inteqrasiya olunmuş, dayanıqlı və rəqabətqabiliyyətli dəyər zənciri formalaşdırmaqda davam edir.
Qeyd edək ki, bu investisiya ilə birgə, "SOCAR Türkiyə"nin enerji bazarındakı mövqeyinin istehsaldan son istehlakçıya qədər uzanan dəyər zənciri çərçivəsində gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda portfel idarəçiliyi, əməliyyat tələbləri və miqyas iqtisadiyyatı sahələrində optimallaşdırmanın təmin edilməsi hədəflənir.