Özbəkistanın Qaraqalpaqstan respublikasının Muynak rayonunda 2 saylı axtarış-kəşfiyyat quyusundan yüksək təzyiqli təbii qazın sənaye axını əldə edilib.
"Report" xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb.
Quyu 90 gün ərzində müasir xarici avadanlıqlardan istifadə edilməklə 5 min metr dərinliyə qazılıb. İşləri "Özbəkneftqaz" SC-nin törəmə şirkəti "Özneftqaz burgilaş işlari" MMC-nin mütəxəssisləri həyata keçiriblər.
Şirkətin verdiyi məlumata görə, cari gündəlik təbii qaz hasilatı təxminən 2,4 milyon kubmetr təşkil edib.
"Hazırda qazma işləri digər perspektivli dərin quyularda da sutka boyu aparılır. Gözlənilir ki, ilin sonunda onlardan da yüksək təzyiqli təbii qaz hasil olunacaq", - bildirilib.