Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft ixracını 2,2 dəfə artıraraq 3,1 milyon tona çatdırıb.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
2023-cü ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 22,1 milyon tona yaxın neft ixrac edib. Bu, 2022-ci illə müqayisədə 2,8 milyon ton və ya 11,2 % azdır.
Hesabat dövründə ümumilikdə Azərbaycandan xarici ölkələrə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, 2022-ci illə müqayisədə 1,1 milyon ton və ya 4,2 % azdır.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.