ADB Azərbaycanda, Mərkəzi və Cənubi Asiyada "yaşıl keçid"in sürətləndirilməsinə dəstək verəcək

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan, Butan, Qazaxıstan, Qırğızıstan, Pakistan və Tailandın iştirakı ilə yeni flaqman proqramını - İqlim İnkişafı Platformasını (Climate Advance) işə salmağı planlaşdırır.

"Report" ADB-yə istinadən xəbər verir ki, təşəbbüsün əsas məqsədi bankın inkişaf etməkdə olan üzv ölkələrinə bəyannamə xarakterli iqlim öhdəliklərindən real investisiyalara və iqtisadiyyatın praktiki dekarbonizasiyasına keçməkdə kömək etməkdir.

Proqramın icrası üçün ADB 5,2 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılması gözlənilir. Enerji Keçidi Mexanizminin Tərəfdaşlıq üzrə Etimad Fondundan ən böyük maliyyələşdirmə paketlərini Qazaxıstan, Qırğızıstan və Pakistan alacaq - onların hər birinə 1 milyon ABŞ dolların ayrılması nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan üçün 500 min ABŞ dolları, Butan üçün 300 min ABŞ dolları məbləğində texniki yardım planlaşdırılıb, Pakistan isə əlavə 350 min ABŞ dolları əldə edəcək. Daha 1,05 milyon ABŞ dolları ümumregional ehtiyaclar üçün nəzərdə tutulub. Vəsaitin bu hissəsi, habelə Azərbaycan, Butan və Pakistan paketləri üçün maliyyələşdirmə mənbələri hazırda müəyyənləşdirilir.

"Yeni platformanın yaradılması zərurəti regionun bir çox ölkəsinin milli səviyyədə müəyyən edilmiş töhfələrini yeniləməsi və karbon neytrallığına nail olmaq məqsədlərini qəbul etməsinə baxmayaraq, onların praktiki həyata keçirilməsində çətinliklərlə üzləşməsi ilə bağlıdır. İqlim hədəfləri çox vaxt milli inkişaf planlamasından və dövlət maliyyəsinin idarə edilməsi sistemlərindən ayrı düşür, layihə portfelləri isə pərakəndədir və dövlət və özəl kapitalın irimiqyaslı cəlb edilməsi üçün zəruri normativ bazaya malik deyil", - ADB qeyd edir.

"Climate Advance" proqramı üç bir-biri ilə əlaqəli iş mərhələsi vasitəsilə bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır. Birinci mərhələdə mütəxəssislər ölkələrə "yaşıl keçid"in uzunmüddətli yollarını və strategiyalarını müəyyənləşdirməyə kömək edəcəklər. Daha sonra bu strategiyalar konkret prioritet investisiya proqramlarına, siyasətin islahatı planlarına və maliyyələşdirmə mexanizmlərinə çevriləcək. Yekun komponent isə dövlət təsisatlarının, monitorinq və hesabatlılıq sistemlərinin, eləcə də iqlim amilləri nəzərə alınmaqla büdcə planlamasının gücləndirilməsi hesabına layihələrin icrasının sürətləndirilməsinə yönəlib.

İlkin mərhələdə texniki yardım milli səviyyədə müəyyən edilmiş töhfələr 3.0 çərçivəsində öz öhdəliklərinin icrasını gücləndirməyə və irimiqyaslı iqlim sərmayələri üçün əlverişli mühit formalaşdırmağa çalışan Asiya-Sakit Okean regionu dövlətlərini əhatə edəcək. İş iştirakçı ölkələrin maliyyə, planlaşdırma, energetika, nəqliyyat və ətraf mühitin mühafizəsi nazirlikləri ilə sıx koordinasiyada, ümumidövlət yanaşması əsasında qurulacaq. Sahəvi ekspertizanın təmin edilməsi üçün ADB çərçivə sazişləri daxilində beynəlxalq və milli konsaltinq şirkətlərini cəlb edəcək, həmçinin layihənin birbaşa koordinasiyası üçün biri beynəlxalq və ikisi milli olmaqla 3 fərdi məsləhətçi işə götürəcək.

Digər xəbərlər