SOCAR və "Schneider Electric" Anlaşma Memorandumu imzalayıblar

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın "Schneider Electric" şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, sənədi Azərbaycan şirkətinin vitse-prezidenti Fuad Musayev və Fransa şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar.

Memorandum enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi, həmçinin seçilmiş obyektlərdə pilot layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, tərəflər birgə layihələr, texniki xidmət və təcrübə mübadiləsi, məhsulların yerli istehsalı imkanlarının araşdırılması, eləcə də dayanıqlılıq və xalis sıfır emissiya hədəfləri istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Digər xəbərlər