Naxçıvan və Cəbrayılda Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması ilə bağlı işlərə başlanılıb

Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması istiqamətində Naxçıvan və Cəbrayılda işlərə başlanılıb.

"Report" xəbər verir ki, bununla bağlı hazırlıq işləri "AzərEnerji" ASC tərəfindən aparılır.

Belə ki, muxtar respublikada 330 kV-luq "Naxçıvan" yarımstansiya (YS) -"Ordubad" elektrik verilişi xətti (EVX) üçün 13,476 milyon manatlıq, Cəbrayılda isə 330 kV-luq "Cəbrayıl" YS -"Ağbənd" EVX üçün 9,508 milyon manatlıq metal dayaqlar Türkiyənin "Mitaş Endüstri Sanayi TİC.A.Ş." şirkətindən alınacaq.

Bununla yanaşı, 330 kV-luq "Ordubad-Naxçıvan" EVX-nin (105 km) və 330 kV-luq "Cəbrayıl-Ağbənd" EVX-nin (74 km) tikintisinə başlanılır. Tikinti işlərini "Elektrik Quraşdırma" Müəssisəsi və "Azərelektrik Tikinti Quraşdırma" MMC həyata keçirəcək, onlara müvafiq olaraq 33,6 milyon manat və 23,68 milyon manat ödəniləcək.

Xatırladaq ki, "AzərEnerji" enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan layihə çərçivəsində yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq "Çevirici" yarımstansiyanın tikintisini planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və "Cəbrayıl–Naxçıvan–Ağrı" xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq "Cəbrayıl–Naxçıvan" və 67 km hissədə 400 kV-luq "Naxçıvan–Türkiyə" xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39