Bu ilin yanvar ayında İtaliya Azərbaycan qazının alıcıları arasında lider olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, ölkənin payına Azərbaycandan qaz ixracının ümumi həcminin 38,1 %-i düşüb.
Hesabat dövründə Azərbaycan 870 milyon 82,68 min ABŞ dolları (+ 17,6 %) dəyərində 2 milyard 338 milyon 620,78 min kubmetr (+ 21,1 %) qaz ixrac edib. Tədarüklər altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə İtaliya, Türkiyə və Gürcüstan daxil olub. İtaliya 457 milyon 532,06 min ABŞ dolları (+ 28 %) dəyərində 891 milyon 323,34 min kubmetr (+ 27,2 %) qaz idxal edib. Bununla da ölkə Azərbaycan qazının tədarükündə birinci yerdə qərarlaşıb.
Türkiyə 37,4 % payla ikinci yeri tutub. Yanvar ayında bu ölkəyə 253 milyon 295,5 min ABŞ dolları (- 0,5 %) dəyərində 875 milyon 811,54 min kubmetr (+ 4,5 %) qaz tədarük edilib.
Azərbaycan qazının alıcı ölkələri arasında üçüncü yerdə 12,7 % payla Gürcüstan qərarlaşıb. Hesabat dövründə Gürcüstana 37 milyon 93,52 min ABŞ dolları (+ 42,5 %) dəyərində 296 milyon 278,09 min kubmetr (+ 1,9 dəfə) qaz tədarük edilib.